Qusarda 23 kilometr uzunluğa malik avtomobil yolu yenidən qurulub

Qusar rayonunda 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qusar‒Xudat (18 km) ‒ Langi ‒ Caqarqışlaq ‒ Urvaoba ‒ Atlıxan ‒ Kuzunqışlaq‒Zindanmuruqqışlaq ‒ Avaranqışlaq avtomobil yolunun əsaslı təmiri yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, uzunluğu 23 kilometr olan avtomobil yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib, yolların eni 10 metrə qədər genişləndirilib.

Məlumata əsasən, 10 kilometr hissəsi yararsız asfalt, 13 kilometr hissəsi isə torpaq əsasdan ibarət olan yollarda torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə işləri görülüb, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icra olunub. Texnoloji ardıcıllığa uyğun yol əsasının tikintisi aparılıb, yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılıb.