On bir ayda 6 tondan çox narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb

Bu ilin 11 ayı ərzində qanunsuz dövriyyədən 6 ton 403 kiloqram 647,445 qram narkotik vasitələr və psixotrop maddələr çıxarılıb. Bunun 524 kiloqram 59,659 qramını heroin, 5 ton 313 kiloqram 809,136 qramını marixuana, 164 kiloqram 849,07 qramını tiryək, 38 kiloqram 852,443 qramını həşiş, 205 kiloqram 385,123 qramını psixotrop maddələr, 156 kiloqram 692,014 qramını digər narkotik vasitələr təşkil edib.

Bu barədə  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan məlumat verilib.

Bildirilib ki, göstərilən dövr ərzində, həmçinin 38807 ədəd metadon, 15 min 392 ədəd çətənə kolu, 429 qram və 240 ədəd həb (güclü təsir edici maddə),10 qram prekursor qanunsuz dövriyyədən götürülüb.

Qanunsuz dövriyyədən çıxarılmış 6 ton 403 kiloqram 647,445 qram narkotik vasitələrin və psixotrop maddələrin dəyəri 154 milyon 579 min manat qiymətləndirilir.