Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu
Sosial şəbəkələrdə uşaq baxçalarında işə qəbulla bağlı saxta elanlarla insanları aldadan və onların pul vəsaitləri ələ keçirən şəxs müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşlara qarşı kütləvi dələduzluq əməllərində şübhəli bilinən daha bir nəfər - 1995-ci il təvəllüdlü Mirnicat Əmirov saxlanılıb.
Müəyyən edilib ki, M.Əmirov onunla əlaqə saxlayan hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun onun kartına köçürülməsini tələb edib. O, həmin pulları nağdlaşdırıldıqdan sonra zərərçəkənlərin əlaqə nömrələrini bloklayıb.
Şübhəli şəxsən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələr və digər elektron sübutlar aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
DİN-in Mətbuat Xidməti bir daha vətəndaşlara tövsiyə edir ki, elan saytlarında yerləşdirilən məlumatlara münasibətdə diqqətli olsunlar, onlayn ödənişlər etməsinlər.