“Azərişıq” paytaxt və bölgələrdə elektrik enerjisinin talanması hallarını aşkarlayıb

“Azərişıq” ASC paytaxt və bölgələrdə sayğaclara aylıq baxış keçirilən zaman həm əhali, həm də qeyri-əhali abonent qrupları arasında elektrik enerjisinin talanması hallarına rast gəlib.

ASC-dən  bildirilib ki, monitorinqlər zamanı Şəmkir Elektrik Şəbəkəsinin ərazisində yerləşən soyuducu anbara məxsus sayğaca müdaxilə olunaraq içərisinə uzaqdan idarə olunan qurğunun yerləşdirildiyi və nəticədə sayğacın dövrədən kənarlaşdırıldığı müəyyən edilib. Daha bir soyuducu anbara və marketə baxış keçirilən zaman məlum olub ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur. Obyektlərlə yanaşı fərdi yaşayış evlərində də sayğaclara qanunsuz müdaxilə halları aşkar edilib. Lənkəranda evə məxsus sayğacın dövrədən kənarlaşdırıldığı, Şəmkirdə fərdi yaşayış evinə sayğac sxemindən kənar xəttin daxil olduğu müəyyən edilib. Paytaxtda Xəzər rayonunda 2, Binəqədidə 1 evdə belə hala rast gəlinib. Nizami rayonunda keçirilən monitorinq zamanı məlum olub ki, sayğaca müdaxilə olunaraq içərisində hesablama mexanizmi şuntlanıb, elektrik sayğacı dövrədən kənarlaşdırılıb.

Uçotdan kənar qoşulmalar elektrik xətlərinin həddən artıq yüklənməsinə, nəticədə həmin xətlər boyunca elektrik enerjisinin keyfiyyətinin azalmasına və gərginliyin aşağı düşməsinə səbəb olur. Qanunsuz müdaxilə halları aşkar edildikdə abonentlərin elektrik enerjisi təchizatı dərhal dayandırılaraq barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür.