Geologiya və Geofizika İnstitutunda Elmi şuraların birgə iclası keçirilib
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu (GGİ), Təbiət Tarixi Muzeyi və AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şuralarının birgə iclası keçirilib.
Bu barədə institutdan məlumat verilib.
GGİ-nin elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynov başa çatmaqda olan il ərzində kollektivin elmi nəticələri ilə bağlı məlumat verib. Bildirilib ki, Attestasiya Komissiyasının 001 nömrəli akkreditasiya şəhadətnaməsinin institut kollektivinə təqdim edilməsi elmi işlərin nəticəsinə verilən yüksək qiymət kimi qəbul edilir. D.Hüseynov sonra bu mülahizəni konkret misallarla iştirakçılara çatdırıb. Bildirib ki, 2024-cü ildə “ANAS Transactions Earth Sciences” beynəlxalq elmi jurnalının bir nömrəsi bütövlükdə GGİ-yə həsr olunub və burada institutun direktoru akademik Akif Əlizadənin 5 yeni kitabı barədə geniş məlumat yer alıb.
Məruzəçi il ərzində Dövlət Proqramların icrasını, həmçinin fundamental elmi işlərin reallaşdırıldığını, 3 mühüm elmi nəticənin əldə olunduğunu diqqətə çatdırıb. Həmçinin beynəlxalq elmi əlaqələr, memorandum və bağlanmış digər müqavilələr (həm də təsərrüfat müqavilələri) barədə danışıb, tədbir iştirakçılarını reallaşmış çöl və xəritəçəkmə işləri ilə tanış edib.
İclasda Təbiət Tarixi Muzeyinin direktoru biologiya elmləri üzrə fəlsəfə doktoru Tariel Eybatovun hesabat məruzəsi dinlənilib. Məruzəçi Muzey əməkdaşlarının 2024-cü ildə elmi istiqamət üzrə aparılan tədqiqat və arxeoloji işlərdən danışıb. Qeyd olunub ki, Polutəpə (Cəlilabad – keramik neolit) abidəsində arxeoloji materialların (sümüklərin) növ və say təyinatı tamamlanıb. Cari ilin iyul ayında Qazax və Ağstafa rayonlarında arxeoloji kəşfiyyat işləri aparılıb. Ceyrançöldə gedən tədqiqatlar zamanı “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində, Candar gölündən 950 metr cənubda, dəniz səviyyəsindən 320 metr yüksəklikdə Paleolit dövrünə aid yeni tapıntı yeri aşkar olunub. Orta Paleolit dövrünə aid daş məmulatlarının aşkar olunduğu ərazi şərti olaraq “Candar göl Paleolit tapıntı yeri” kimi qeydə alınıb. Tapıntıların arasında daha çox diqqəti cəlb edən levallua nukleusların və levallua qəlpələrinin mövcudluğu tapıntı yerini orta Paleolitin kifayət qədər inkişaf etmiş mərhələsinə aid etməyə imkan verir. Kəşfiyyat işləri zamanı 124 nümunə götürülüb.
T.Eybatov sonra Xəzər suitilərinin ekologiyası ilə bağlı məlumatları təqdim edib. Məruzənin sonunda T.Eybatov vurğulayıb ki, Təbiət Tarixi Muzeyi əməkdaşlarının daha səmərəli fəaliyyətinin təşkili məqsədilə onlar üçün geniş ərazidə yerləşən ikimərtəbəli bina ayrılıb. Muzeyi buraya köçürmək üçün hazırda təşkilati işlər aparılır.