Kürdəxanı qəsəbəsində yeni yol qovşağı inşa edilir

Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Kürdəxanı yol qovşağının inşası istiqamətində işlər davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yeni yol qovşağı layihənin 1,8-ci kilometrlik hissəsində inşa olunur. Qovşaq 1 yol ötürücüsündən və 4 qoldan ibarətdir. Hazırda ərazidə yeni yol yatağının inşası, drenaj quyularının və drenaj borularının quraşdırılması, həmçinin istinad divarlarının tikintisi istiqamətində işlər görülür.

Yeni yol qovşağının tikintisi Bilgəh, Kürdəxanı, Pirşağı, Novxanı və Balaxanı istiqamətində gediş-gəlişi rahatlaşdırmaqla, ərazidə hərəkətin təhlükəsizliyi və fasiləsizliyini təmin edəcək.

Sözügedən ərazidə yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, avtomobillərin keçmə növbəliliyinin tənzimlənməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə təmir-tikinti işləri başa çatana qədər Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən işıqforlar quraşdırılıb.

Bununla əlaqədar sürücülərə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların və işıqforların tələblərinə riayət etmələri tövsiyə edilir.