Bərdədə avtomat satmaq istəyən şəxs həbs edilib

Polis əməkdaşları tərəfindən edilən çağırışlara baxmayaraq əllərdə olan silah-sursatı könüllü təhvil verməyən şəxslərin əməliyyat yolu ilə müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı əvvəllər məhkum olunan Şahlar Həsənov şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı ünvandan "Kalaşnikov" avtomatı, 29 ədəd patron və patron darağı aşkarlanıb. O, izahatında əldə etdiyi silah-sursatı 2000 manat müqabilində satmaq üçün özündə saxladığını bildirib.

 Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Ş.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.

"Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat könüllü olaraq polisə təhvil verilməlidir. Qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir",- deyə qurumdan əlavə edilib.