Daxili işlər naziri İsmayıllı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvarın 7-də və 8-də İsmayıllı Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, o, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin İsmayıllı rayonundakı abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini böyük hörmət və ehtiramla anıb.

İsmayıllı Rayon Polis Şöbəsində İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan şəhər və rayonlarından qəbula gələn 294 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Daxili işlər naziri general-polkovnik V.Eyvazov həmin rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqinə, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlar verib.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Vətən müharibəsinin 23 iştirakçısının da iştirak etdiyi sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 196 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.