Yasamal kitabxanalarında Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə əlaqədar tədbirlər keçirildi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və kitabxana filiallarında 20 Yanvar – Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə əlaqədar tədbirlər keçirildi və Şəhidlər Xiyabanı ziyarət olundu.
Tədbirlərdə Azərbaycanın ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxana 38 №-li tam orta məktəbdə “Tariximizin qanlı səhifəsi” adlı tədbir keçirdi.
Məktəbin direktoru Gülnarə Bəkirova, təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə Vəliyeva, məktəbin kitabxana müdiri Səbinə Abbasova, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Uşaq şöbəsinin müdiri Sevil Namazova və kitabxananın əməkdaşı Elnarə Qarayeva çıxışlarında bildirdilər ki, bu qanlı cinayət xalqımızın azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına olsa da, öz dövlət müstəqilliyinə qovuşub. Uşaq şöbəsinin əməkdaşı Vəsilə İsgəndərova çıxışında Ulu Öndər Heydər Əliyevin sözlərini söylədi: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır… O gecə tökülən qanlar Azərbaycanın mütəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.
4-cü sinif şagirdləri 20 Yanvar faciəsinə aid şeirlər, bayatılar söylədilər.
3 №-li kitabxana filialında “20 Yanvar şəhidləri” adlı tədbir keçirildi. Kitabxana filialının müdiri Arzu Xudayarova çıxış edərək bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə M.Qorbaçovun əmri ilə hərbi qoşun hissələrinin Bakıya yeridilməsi nəticəsində dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Bakıda və ətraf rayonlarında 131 nəfər öldürüldü, 744 nəfər yaralandı. 20 Yanvar faciəsi xalqımızın öz müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizə tarixinin şərəfli səhifəsidir.
Tədbirdə oxuculara kitabxana fondunda olan 20 Yanvar şəhidlərinə həsr olunmuş kitablar haqqında məlumat verildi.
4 №-li kitabxana filialında keçirilən “Ümumxalq Hüzn Günü” adlı tədbirdə çıxış edənlər bildirdilər ki, tariximizə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisəsindən otuz beş il keçir. Xalqımız bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.
Tədbirdə iştirak edən məktəblilər müxtəlif dillərdə vətənpərvərlik mövzusunda çıxışlar edib, şeirlər söylədilər.
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1, 2 və 3 №-li kitabxana filiallarının əməkdaşları fəal oxucularla birlikdə Şəhidlər Xiyabanını ziyarət etdilər. 20 Yanvar şəhidlərinin məzarları üzərinə qərənfillər düzüldü, onların əziz xatirəsi dərin ehtiramla yad edildi.