Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar ayrılan vəsaitlə bağlı nəzarət tədbirlərinin qaydası hazırlanacaq - Fərman

Prezident İlham Əliyev “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 85-VIIQD nömrəli Qanununun tətbiqi və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

 Fərmana əsasən, dövlət büdcəsindən və qanunla qadağan olunmayan digər mənbələrdən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar ayrılan vəsaitin istifadəsi üzərində maliyyə nəzarəti tədbirlərinin həyata keçirilməsi qaydası hazırlanacaq.

Nazirlər Kabineti Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Dövlət Sərhəd Xidmətinin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət, habelə dövlət büdcəsindən və qanunla qadağan olunmayan digər mənbələrdən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar ayrılan vəsaitin istifadəsi üzərində maliyyə nəzarəti tədbirlərinin həyata keçirilməsi qaydasının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Eyni zamanda Nazirlər Kabineti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kəşfiyyat və əks-kəşfiyyat tədbirləri üçün vəsaitin xərclənməsi normalarını və qaydalarını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.