Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu

Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Masallı rayon sakini Ceyhun Ağayevin idarə etdiyi “Hyundai” markalı avtomobil Ələt-Astara yolu üzərində yerləşən stasionar posta saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı Ceyhun Ağayevin narkotik maddə qəbul etməsi müəyyən olunub və o, narkotik istifadəçisi olduğunu etiraf edib. Faktla bağlı toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.

 "Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir",- deyə məlumatda qeyd edilib.