Dünya Bankının nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə tanış olub

Ölkəmizə səfər edən Dünya Bankının nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, görüşdə İdarə Heyətinin sədri Əli Nəbiyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda kənd təsərrüfatı və qida təcrübəsi üzrə meneceri Holqer Krayın rəhbərlik etdiyi nümayəndə heyətinə institutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə institutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır. Həmçinin qonaqlar ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və uğurlar barədə məlumatlandırılıb. AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması sahəsində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb.

Görüşdə, həmçinin iki qurum arasında əməkdaşlıq məsələləri və mövcud imkanlar nəzərdən keçirilib, təkliflər irəli sürülüb.

Görüşdən sonra nümayəndə heyəti iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçirib. Qonaqlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.