Yardımlıda keçirilən əməliyyat zamanı 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb

Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddəni Bakı şəhərinə çatdıraraq satışını təşkil etmək istəyən şəxslər ifşa ediliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, 39 yaşlı Elvin Novruzov və əvvəllər məhkum olunmuş 36 yaşlı Əlövsət Mustafayev Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə saxlanılıblar. Onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri ümumilikdə 20 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.