AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Akademiyadan bildirilib ki, tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, həmçinin AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin, eləcə də Şəki və Lənkəran Regional Elmi mərkəzlərinin rəhbərləri və əməkdaşları iştirak ediblər.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli iclasın gündəliyi barədə məlumat verib. İclasda müzakirəyə çıxarılan ilk məsələ AMEA-nın Naxçıvan bölməsinin Rəyasət Heyətinin tərkibinin təsdiq edilməsi haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın yeni Nizamnaməsinin və Naxçıvan Bölməsinin yeni Nizamnaməsinin müvafiq bəndlərinə uyğun olaraq, bölmənin Rəyasət Heyətinin yeni tərkibinin formalaşdırılması məqsədilə seçki keçirilib və nəticələrdən irəli gələrək AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb. AMEA rəhbəri Naxçıvan Bölməsinin Rəyasət Heyətinin təklif edilən yeni tərkibini iclas iştirakçılarının diqqətinə çatdırıb.
Akademik İsa Həbibbəyli bölmənin Gənc Alim və Mütəxəssislər Şurasının və Həmkarlar Təşkilatının sədrlərinin məşvərətçi statusda Naxçıvan bölməsinin Rəyasət Heyətinə daxil edilməsini təklif edib. AMEA-nın Rəyasət Heyəti tərəfindən səsləndirilən təkliflər nəzərə alınmaqla Naxçıvan Bölməsinin Rəyasət Heyətinin yeni tərkibi təsdiqlənib. Həmçinin filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov yenidən Naxçıvan Bölməsinin Rəyasət Heyətinin elmi katibi vəzifəsinə təsdiq edilib.
İclasda AMEA-nın Gəncə bölməsinin Rəyasət Heyətinin tərkibi də təsdiq edilib. Gəncə bölməsində humanitar profilli müəssisələrlə işlərin idarə olunması məqsədilə sədr müavini vəzifəsinə ehtiyac yarandığı qeyd edilib. Bu vəzifəyə AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov təsdiq olunub.
Sonra AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Elmi şurasının tərkibinin təsdiq edilməsi haqqında məsələyə baxılıb. Akademik İsa Həbibbəyli qurumun ötənilki göstəricilərinin əvvəlki illərlə müqayisədə yüksək olduğunu, aparılan islahatların nəticə verdiyini bildirib. Həmçinin ilk dəfə olaraq Şəki Regional Elmi Mərkəzində arxeoloji qazıntılara başlanıldığını və ilk tapıntıların qeydə alındığını vurğulayıb. Eyni zamanda, bu ilin yanvar ayında AMEA-nın Rəyasət Heyəti tərəfindən Şəki Regional Elmi Mərkəzinin ildə 2 dəfə nəşr olunmaqla “Elmi əsərləri” jurnalının təsis edilməsi haqqında qərarın qəbul edildiyini diqqətə çatdırıb.
Daha sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Şəki Regional Elmi Mərkəzinin Elmi şurasının yeni tərkibi təsdiqlənib.
İclasda, həmçinin AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Elmi şurasının tərkibinin təsdiq edilməsi haqqında məsələyə baxılıb. Akademik İsa Həbibbəyli bildirib ki, ötən müddət ərzində Mərkəzdə bir sıra struktur islahatları həyata keçirilib, daxili imkanlar hesabına yeni şöbələr və Mərkəzin kitabxanası yaradılıb, eləcə də Lənkəran Regional Elmi Mərkəzinin “Elmi əsərləri” (İctimai-humanitar və təbiət elmləri seriyası) jurnalı təsis olunub. AMEA rəhbəri həyata keçirilən islahatların Mərkəzin inkişafında müşahidə edildiyini söyləyib. Akademik İsa Həbibbəyli Lənkəran Regional Elmi Mərkəzinin Elmi şurasının təklif edilən yeni tərkibini səsləndirib və müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib.
Daha sonra AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Gövhər Baxşəliyeva İran İslam Respublikasının paytaxtı Tehranda III Xəzər İqtisadi Forumunda iştirakı barədə məruzə ilə çıxış edib. Akademik Forum çərçivəsində keçirilən “Xəzər ölkələrinin elmi və texnoloji əməkdaşlığına dair” sessiyada özünün və AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri dosent Esmira Əlirzayevanın iştirak etdiyini və bir sıra aktual təkliflərin səsləndirildiyini diqqətə çatdırıb.
İclasda, həmçinin AMEA-nın fəxri üzvü İhsan Doğramacının 110 illiyi haqqında qərar qəbul olunub.
İclasda qeyd olunan məsələlər ətrafında akademiklər Dilqəm Tağıyev, Rasim Əliquliyev, İradə Hüseynova, İsmayıl Hacıyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov və başqaları çıxış ediblər.
Sonda çıxış edən akademik İsa Həbibbəyli akademiyanın tarixində ilk dəfə regional bölmələrin və elmi mərkəzlərin rəhbərlərinin iştirakı ilə AMEA-nın Rəyasət Heyətinin iclasının keçirildiyini söyləyib. Qeyd edib ki, həmçinin AMEA-nın 80 illik tarixində ilk dəfə olaraq Şəki və Lənkəran Regional Elmi mərkəzlərində elmi nəşrlər təsis edilib.