Onlayn piramida dələduzluğu ilə məşğul olan cinayətkar qrupun üzvləri saxlanılıb

Yüksək gəlirli faizlər, külli miqdarda qazanc, iqtisadi əsasları olmayan vədlər... Sosial şəbəkələrdə bu tipli paylaşımlar edən və onlayn piramida dələduzluq sistemi əsasında fəaliyyət göstərən cinayətkar qruplara qarşı polis əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Sonuncu əməliyyat zamanı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə investisiya şirkəti adı altında fəaliyyət göstərən “First Zenit Capital” səhifəsinin “Shopify” beynəlxalq elektron ticarət portalında dövr etdirmək vədi ilə müxtəlif şəxslərin pul vəsaitlərini ələ keçirdiyi barədə çoxsaylı şikayətlər daxil olub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalar nəticəsində həmin şirkətin investisiya layihələri ilə məşğul olmadığı, elektron piramida dələduzluq sistemi əsasında fəaliyyət göstərdiyi və insanları ələ almaq məqsədilə yüksək məbləğdə qazanc vəd etdikləri müəyyən edilib.

Həmin məqsədlə sosial şəbəkələrdə mütəmadi olaraq “First Zenit Capital” şirkətinin reklamları paylaşılıb və şirnikləndirici elanlar yerləşdirilib. Əməliyyat zamanı həmin şirkətin təsisçi-direktoru Kərim Bəşirzadə və onunla birgə həmin qanunsuz əməlləri törədən Taleh Əlizadə müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar nəticəsində onların bu yolla zərərçəkənlərin 500 min manata yaxın pulunu ələ keçirdikləri məlum olub. Saxlanılan şəxslərdən dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartları və digər elektron sübutlar aşkarlanaraq götürülüb.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. K.Bəşirzadə və T.Əlizadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-texniki tədbirlər davam etdirilir. “First Zenit Capital” şirkətinin qanunsuz fəaliyyətindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.

Baş İdarə bir daha vətəndaşları sosial şəbəkələrdə qarşılaşdıqları və iqtisadi əsaslara söykənməyən piramida dələduzluq sxemlərinə, həmçinin yatırım adı altında şişirdilmiş qazanc vəd edən tətbiqlərə inanmamağa çağırır.