İşğaldan azad olunan ərazilərdə buraxılış imtahanı təşkil edilib

Martın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunan Xankəndi, Şuşa şəhərlərində, Ağdərə, Xocalı və Laçın rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

DİM-in Bərdə regional bölməsindən  bildirilib ki, buraxılış imtahanı Xankəndi şəhər 4 nömrəli, Xocalı şəhəri 1 nömrəli, Şuşa şəhəri 1 nömrəli və Laçın rayonu Sus kənd tam orta məktəblərində ilk dəfə, Laçın rayonu 2 nömrəli, Laçın rayonu Zabux kənd, Ağdərə rayonu Talış kənd tam orta məktəbində isə ikinci dəfədir təşkil edilib.

İşğaldan azad olunan ərazilərdə ümumilikdə 7 binada keçirilən imtahanlarda 45 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanın idarə olunmasına 7 bina nümayəndəsi və 7 imtahan rəhbəri cəlb olunub.

İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, işğaldan azad edilən və təhsil bərpa olunan Zəngilan rayon Ağalı kənd tam orta məktəbində, Füzuli şəhər M. Uluqbəy adında 1 nömrəli tam orta məktəbində və Cəbrayıl şəhər M. Mehdizadə adına tam orta məktəbdə buraxılış imtahanları martın 9-da keçiriləcək.