AQTA: Quş qripi xəstəliyi ilə əlaqədar bəzi ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyulub

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Şimali İrlandiyanın Orta Olster bölgəsində, Amerika Birləşmiş Ştatlarının isə Pensilvaniya və Kolorado ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Respublika ərazisinin yoluxucu xəstəlikdən qorunması üçün həmin ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin, quşların saxlanılması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət ünvanlanıb.