Baş DYPİ: Sükan arxasında məsuliyyətsizlik ağır yol qəzalarına zəmin yaradır

Görülən tədbirlərə və aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də sükan arxasında məsuliyyətsiz davranış hallarına rast gəlinir. Yorğun, yuxusuz halda avtomobil idarə edən, yaxud diqqəti yayındıran hərəkətlərə yol verən sürücülər yol qəzalarına səbəb olurlar.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən bildirilib ki, ötən gün respublika ərazisində qeydə alınan 4 yol-nəqliyyat hadisəsindən 3-ü toqquşma xarakterli olub. Qəzalar məhz arxada hərəkət edən nəqliyyat vasitəsinin öndəki avtomobillə toqquşması səbəbindən baş verib. Hadisələrin avtomagistrallarda – ayırıcı və bir neçə hərəkət zolağına malik yollarda qeydə alınması sürücülərin yorğun, yuxusuz olması, ara məsafəsini düzgün seçməməsi və idarəetmə zamanı diqqəti yayındırmalarından xəbər verir.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olanlara müraciət edərək avtomobil idarə edərkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə, yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır. Sürücülərə iş və istirahət rejiminə riayət etmələri, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə almaları tövsiyə olunur.