Paytaxt ərazisində 35 kiloqram narkotik dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyatlar paytaxtın Binəqədi və Qaradağ rayonları ərazilərində olub. Bir neçə gün davam edən tədbirlərin nəticəsi olaraq 29 yaşlı Ruslan Hüseynov müəyyən edilərək saxlanılıb. Onun avtomobilindən tərkibinə zərərli maddələr əlavə edilmiş 35 kiloqram marixuana aşkarlanıb.
R.Hüseynov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Füzuli rayonu ərazisindəki əvvəlcədən təyin edilən yerdən götürdüyünü və maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, R.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.