Səbinə Əliyeva: Əmək hüquqlarının pozulması faktlarının araşdırılmasında ciddi çətinliklər var

Əvvəlki illərdə olduğu kimi, sahibkarlıq subyektlərində işçilərin əmək hüquqlarının pozulması faktları üzrə araşdırmaların aparılmasında ciddi çətinliklər yaranıb. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun tələbləri əsas gətirilməklə bu qəbildən şikayətlərin araşdırılması demək olar, mümkün olmayıb.

Bu sözləri ombudsman Səbinə Əliyeva Milli Məclisdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi”ni təqdim edərkən deyib.

“Odur ki, həmin Qanuna əsasən, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısına sahibkarlıq subyektləri tərəfindən insan hüquq və azadlıqlarının, o cümlədən əmək hüquqlarının pozulması hallarında şikayətlərin araşdırılmasını birbaşa nəzərdə tutan dəyişikliklərin mümkün qısa zamanda edilməsi zəruridir”, - deyə o qeyd edib.

Ombudsman, həmçinin bildirib ki, işəgötürənlər tərəfindən işaxtaran şəxslərin əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi probleminə də diqqət artırılmalıdır. Eyni zamanda, aztəminatli ailələrin maddi yardım asılılığından azad edilməsində əhəmiyyətli rolu olan özünüməşğulluq proqramına əlçatanlığın asanlaşdırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var.