Ədliyyə Nazirliyi yeni seçilmiş bələdiyyə üzvləri üçün seminar-müşavirə təşkil edib

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən sonuncu seçkilərdən sonra formalaşmış Bakı bələdiyyələrinin və Bələdiyyələrin Milli assosiasiyalarının nümayəndələrinin iştirakı ilə seminar-müşavirələr keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, tədbirlərdə Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2024-cü il üzrə illik məruzəsinin Milli Məclisdə müzakirəsi zamanı deputatlar tərəfindən qaldırılmış məsələlər müzakirə olunaraq onların icrası istiqamətində tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Eyni zamanda, bələdiyyələrin hüquqi maarifləndirilməsi və onlara fəaliyyətlərinin qanunauyğun qurulmasına metodoloji kömək göstərilməsi üzrə tədbirlər barədə ətraflı məlumat verilib, belə tədbirlərin mütəmadi davam etdirilməsindən bəhs olunub.
Tədbirlərdə bələdiyyə üzvləri və qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılması, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşması sahəsində təqdimatlar edilib. Korrupsiya hüquq pozuntuları, bu pozuntuların törədilməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirləri, bələdiyyə üzvləri və qulluqçularının etik davranış qaydaları barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, yerli özünüidarəetmənin mahiyyətinə uyğun olaraq yerli əhali ilə sıx təmasların, bələdiyyələrin fəaliyyəti barədə əhalinin mütəmadi məlumatlandırılmasının və onların fəaliyyətinin mediada işıqlandırılmasının əhəmiyyəti, beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrin gücləndirilməsi, yerli vergilərin yığılması ilə bağlı qanunvericiliyin tələbləri və s. məsələlər də müzakirə olunaraq bu istiqamətdə bir sıra tövsiyələr verilib.
Sonda bələdiyyələr tərəfindən səsləndirilən məsələlər üzrə fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.