DİM: 9 dövlət orqanında 24 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Fevralın 3-də elana çıxarılmış vəzifələr üzrə qeydiyyatdan keçmiş 47 namizədlə 56 müsahibənin keçirilməsi planlaşdırılır.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, müsahibələrin martın 11-dən 17-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı Mərkəzin saytından əldə etmək olar.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində “Şəxsi kabinet”inin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Qeyd edək ki, elan üzrə 9 dövlət orqanında mövcud olan 24 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.