Azərbaycan Milli Elmlər Akademiyasının “Üzeyir Hacıbəyli fəxri diplomu” təsis edilib

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında “Üzeyir Hacıbəyli fəxri diplomu”nun təsis edilməsi haqqında məsələyə də baxılıb.
Bu barədə AMEA-dan məlumar verilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, son illər akademiyada aparılan islahatların mühüm istiqamətlərindən birini Azərbaycanın elmi, milli-mənəvi inkişafında müstəsna xidmətləri olan görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər təşkil edir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Üzeyir Hacıbəyli fəxri diplomu”nun təsis edilməsi təşəbbüsü ilə çıxış edib. O vurğulayıb ki, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinin qeyd edildiyi ərəfədə yüksək elmi fəaliyyəti ilə fərqlənən görkəmli alimlərin fəaliyyətinin stimmullaşdırılması məqsədilə “Üzeyir Hacıbəyli fəxri diplomu”nun təsis edilməsi dahi bəstəkarın xatirəsinin əbədiləşdirilməsi istiqamətində də mühüm əhəmiyyətə malikdir.
Qeyd olunanları nəzərə alaraq, AMEA-nın “Üzeyir Hacıbəyli fəxri diplomu” təsis edilib.