Azərbaycanla Qvineya arasında siyasi və iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib

Aprelin 8-də xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə Azərbaycanın hökumət missiyası Azərbaycan və Qvineya Respublikası arasında ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın yaradılması, genişləndirilməsi məqsədilə qarşı tərəfin dəvəti əsasında bu ölkəyə səfər edib.

XİN-in mətbuat xidmətindən  bildirilib ki, səfər zamanı Yalçın Rəfiyev və Qvineya Respublikasının xarici işlər naziri, Afrika inteqrasiyası və xaricdə yaşayan qvineyalılar naziri Morissanda Kouyate arasında görüş keçirilib, tərəflərarası siyasi və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib.

Bundan əlavə bu ölkənin kənd təsərrüfatı, əmək və dövlət qulluğu nazirliklərinin və SONAP milli neft şirkətinin rəhbərlikləri ilə də görüşlər baş tutub.

Görüşlərdə iki ölkə arasında əməkdaşlığın inkişafı üçün ticarət, sərmayə, kənd təsərrüfatı, faydalı qazıntıların istifadəsi və digər sahələrdə əməkdaşlıq istiqamətləri, həmçinin hüquq-müqavilə bazasının yaradılması ilə bağlı müzakirələr aparılıb, Azərbaycanın "ASAN xidmət" konsepsiyası barədə qarşı tərəfə geniş məlumat verilib.