Səhiyyə naziri “ İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı əmr imzalayıb

Azərbaycanın səhiyyə naziri Teymur Musayev aprelin 27-dən mayın 3-dək respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı əmr imzalayıb.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.
Sənədə əsasən, Azərbaycanın bütün şəhər və rayonlarında təşkilatı-hüquqi formasından asılı olmayaraq, uşaqlara ambulator-poliklinik xidmət göstərən bütün tibb idarə və müəssisələrin rəhbərlərinə “İmmunlaşdırma həftəsi”nin keçirilməsi tapşırılıb.
Respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi sənəddə öz əksini tapıb. Eyni zamanda, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili də nəzərdə tutulub.