Musiqi və incəsənət məktəblərinə elektron ərizə qəbulu başlayıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərinə ilk dəfə birgə elektron ərizə qəbulu başlayıb.
Mədəniyyət Nazirliyindən bildirilib ki, ilk dəfə olaraq musiqi və incəsənət məktəblərinə təhsilalanların ərizə qəbulu vahid elektron sistem üzərindən aparılacaq.
2025/2026-cı tədris ilinə təhsilalanların qəbulu üçün qeydiyyat “My Culture” vahid şəxsi kabineti vasitəsilə aprelin 25-dən başlayacaq və mayın 25-dək davam edəcək.
Namizədlər (18 yaşına çatmayanların valideyni və ya qanuni nümayəndəsi) əlavə vaxt itirmədən və təhsil müəssisəsinə fiziki olaraq getmədən qeydiyyatdan keçərək elektron formada müraciət edə bilərlər. Bununla əlaqədar müraciət edən şəxsin "Digital.Login" qeydiyyatının olması zəruridir. Qeydiyyatdan uğurla keçmiş namizədlər iyun ayı ərzində əyani şəkildə keçiriləcək qəbul imtahanlarında iştirak edəcəklər.
Qəbul üç əsas istiqamət üzrə həyata keçirilir: musiqi, rəssamlıq və xoreoqrafiya. Müraciət edən şəxslər qeydiyyat zamanı həm ixtisas istiqamətini, həm də imtahan vermək istədikləri ərazini (şəhər və ya rayonu) seçmək imkanı əldə edirlər.
I sinfə qəbul üçün yaş hədləri təhsil müddəti və ixtisas istiqamətlərinə uyğun olaraq müəyyənləşdirilib: 7 illik təhsil üzrə musiqi alətləri sinfinə (fortepiano, simli alətlər) 6 yaşdan 8 yaşadək, xor sinfinə 7 yaşdan 10 yaşadək; 5 illik təhsil üzrə musiqi alətləri sinfinə (fortepiano, xalq çalğı, simli və nəfəs alətləri) 8 yaşdan 12 yaşadək, xanəndəlik və vokal siniflərinə 7 yaşdan 11 yaşadək, xoreoqrafiya sinfinə 6 yaşdan 10 yaşadək; 4 illik təhsil üzrə rəssamlıq sinfinə 8 yaşdan 12 yaşadək.
Bundan əlavə, məktəblərin I sinfinə ödənişli əsaslarla qəbul zamanı aşağı yaş həddi saxlanılmaqla yuxarı yaş həddi 29 yaş müəyyən olunub.
Musiqi sahəsi üzrə 5 illik və ya 7 illik tam kursu bitirmiş məzunlar onbirillik musiqi məktəblərində təhsillərini davam etdirmək üçün elektron qaydada müraciət edərək VIII sinfə qəbul imtahanlarında iştirak edə bilərlər.
Qəbul imtahanlarının vaxtı və yeri barədə məlumatlar şəxsi kabinet, SMS məlumatlandırma xidməti və elektron poçt vasitəsilə namizədlərə təqdim olunacaq.