Kamran Əliyev prokurorluğun qarşısında duran əsas vəzifələr açıqlayıb

Siyasi iradədən qaynaqlanan, hazırda davam etdirilən islahatlar bu yeni dövrdə, xüsusən də “Konstitusiya və Suverenlik ili” çərçivəsində Azərbaycan Prokurorluğu qarşısında yeni və olduqca mühüm vəzifələr qoyur.
Bunu Baş prokuror Kamran Əliyev Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
K.Əliyev prokurorluğun qarşısında duran əsas vəzifələrdən bəzilərini diqqətə çatdırıb:
- Dövlətin təhlükəsizliyinə qəsd edən cinayətlərə qarşı mübarizənin gücləndirilməsi, dövlətçiliyin daxili və xüsusən də xarici təhdidlərdən müdafiəsi;
- Cinayətkarlığın bütün növlərinə qarşı mübarizə və qanunçuluğun qorunmasında digər hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə səylərin gücləndirilməsi;
- Vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi;
- Dövlət və özəl sektorda korrupsiyanın bütün təzahür formalarına, eləcə də vəzifəli şəxslər tərəfindən törədilən cinayətlərə qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsi, eyni zamanda kölgə iqtisadiyyatına qarşı kəsərli mübarizənin aparılması;
- Hazırda ölkəmizdə reallaşdırılan sosial-iqtisadi inkişafa hədəflənən islahatlar kontekstində sahibkarların hüquqlarının qorunması, özəl sektorun inkişafına mane olan hüquqpozmaların qarşısı qətiyyətlə alınmaqla əlverişli biznes mühitinin təmin edilməsi;
- Məhkəmələrdə dövlət ittihamının müdafiə edilməsi işinin təkmilləşdirilməsi, vahid və balanslaşdırılmış cəza siyasətinin təmin olunması istiqamətində tədbirlərin görülməsi, habelə cəza təyini və cəzadan azad edilmə halları zamanı ədalət prinsipinin tam təmin edilməsi;
- Əhalinin hüquqi savadının artırılması məqsədilə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, habelə əhalinin həssas təbəqəsinin, xüsusən uşaq, qadın, yaşlı və digər qrup şəxslərin hüquqlarının ən yüksək səviyyədə qorunmasının təmin edilməsi;
- Dövlətə və dövlətçiliyə sadiq gənc hüquqşünasların yetişdirilməsi, onların prokurorluq orqanlarında şəffaf prosedurlar əsasında işə qəbul edilməsi, müasir dövrün tələbinə uyğun olaraq prokurorluq əməkdaşlarının rəqəmsal savadlılığının artırılması, layiqli kadrların vəzifələrdə irəli çəkilməsinin diqqətdə saxlanılması;
- “Elektron prokurorluq” informasiya sistemi daim təkmilləşdirilməklə süni intellektin istifadəsinin təmin edilməsi, ölkə üzrə rəqəmsal cinayət prosesinin tətbiqinə nail olunması;
- İkitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirməklə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi və qabaqcıl təcrübənin öyrənilərək tətbiqinin təmin edilməsi.//Trend