Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Mayın 13-də 5 dövlət orqanında inzibati vəzifələrin 3-4-cü təsnifatlarına uyğun olan 6 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.

Dövlət İmtahan Mərkəzindən (DİM)  bildirilib ki, daxili müsahibə elan edilən vəzifələrin 1-i inzibati vəzifələrin üçüncü təsnifatına, 5-i dördüncü təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının aparat rəhbəri vəzifəsidir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə DİM tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir. Bu müsahibədə iştirak etmək istəyən namizədlər mayın 13-dən 27-dək DİM-in internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.