Dövlət Xidmətinin rəisi Tərtərdə vətəndaşların müraciətlərini dinləyib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov mayın 16-da Tərtər rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Tərtər, Bərdə, Ağcabədi, Ağdam, Füzuli, Laçın və Xocalı rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.

SHXÇDX-dən verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad olunub.

Sonra 7 şəhid ailəsi və 16 müharibə veteranı olmaqla, 41 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Xidmət rəisi hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.