Araşdırma zamanı təbiətə 13 min 700 manat məbləğində ziyan dəydiyi məlum olub

Abşeron rayonu, Bakı-Quba yolunun sol tərəfində, Ekoloji nəzarət postunun yaxınlığındakı yaşıllıq sahədə ağacların məhv edilməsi ilə bağlı daxil olmuş məlumat 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
İdarənin rəisi Asif Məcidov bildirib ki, araşdırma zamanı həmin yaşıllıq ərazinin “Qar-Daş Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsində olduğu müəyyənləşib.
“Əraziyə keçirilən baxış zamanı yaşıllıq sahədə bir müddət öncə ağır texnika vasitəsilə qazıntı işlərinin aparıldığı və nəticədə 64 ağacın məhv edildiyi və zədələndiyi müəyyən olunub. Araşdırma zamanı təbiətə 13 min 700 manat məbləğində ziyan dəydiyi məlum olub”.
İdarə rəisinin sözlərinə görə, faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır. “Baş verən hadisənin nəticələrinin aradan qaldırılması məqsədilə idarə əməkdaşlarının təşəbbüsü ilə yaşıllıq sahədə iməcilik təşkil olunub, ərazi tullantılardan təmizlənib və məhv edilmiş ağacların əvəzinə dibçəklərdə yetişdirilən 60-dan çox şam ağacı əkilərək yaşıllıq sahəsi bərpa olunub”, - deyə o vurğulayıb.