Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “Xəzər” markalı, 77-LF-416 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Vüsal Miriyev saxlanılıb.
İdarədən verilən məlumata görə, sənədləri yoxlanılan zaman sürücünün nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırıldığı aşkar edilib, eləcə də, hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı V.Miriyevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə V.Miriyev 20 sutka inzibati qaydada həbs olunub.