Cəlilabadda heyvanlar kütləvi şəkildə tələf olub: səbəb vaksindir? - VİDEO
Cəlilabadda dabaq xəstəliyinə qarşı vaksin vurulduqdan sonra heyvanlar kütləvi şəkildə tələf olmağa başlayıb.
Cəlilabad rayon sakini Daşqın Hüseynov iddia edir ki, vaksinasiya aparıldıqdan sonra ilkin mərhələdə 4 baş xırdabuynuzlu heyvan bir neçə gün ərzində tələf olub.
Digər qoyunlarda isə vaksinin vurulduğu nahiyədə iltihablaşma müşahidə edilməyə başlanıb.
Təsərrüfat sahibi bildirir ki, heyvanlarda infeksiyanın mövcudluğu təsdiqlənib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları vətəndaşın müraciətindən sonra ölmüş heyvandan nümunə götürüblər. Laboratoriyanın nəticəsinə əsasən ''infeksiya törədicisi CI perfringens'' aşkarlanıb.
Qeyd edilib ki, bu, torpaq infeksiyasıdır. Xırdabuynuzlu və iribuynuzlu heyvanlarda bu mövsümdə üzə çıxan xəstəlikdir. Yəni, heyvanların tələf olması dabaq xəstəliyi əleyhinə olan dərmanla əlaqəli deyil.
“Vətəndaşın iddia etdiyi dabaq əleyhinə vaksin dövlət tərəfindən təmin edilir. Hazırda heyvanlarda aşkarlanan xəstəliyə qarşı isə vətəndaş özü dərman alıb vaksin vurdurmalıdır”,- deyə əlavə edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

