Bir neçə rayonda qanunsuz ağackəsmə ilə bağlı cinayət işləri başlanılıb

Azərbaycanın 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib. 

Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində  aparılan araşdırmalar zamanı Quba rayonu Zərqava və Utuq kəndlərində, İmişli rayonu Qulubəyli kəndində, Göyçay rayonu Qarayazı kəndində və Laçın rayonu Mollalar kəndində meşə fonduna daxil olmayan 1524 ədəd ağac və kolun qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə 136 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və 259.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi)  maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.