Azərbaycan İlahiyyat İnstitutunda Türkiyədən və Gürcüstandan gələn din xadimləri ilə görüş olub

İyunun 1-də Azərbaycan İlahiyyat İnstitutunda Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrindən olan din xadimlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, görüşdə komitənin sədr müavini Gündüz İsmayılov Prezident İlham Əliyevin Fərmanı ilə ötən il xaricdə yaşayan azərbaycanlılarla bağlı “Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi”ndə dəyişiklik edildiyini bildirib. Bu qərarın xaricdə yaşayan azərbaycanlıların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinin həyata keçirilməsinə dəstək verilməsi, habelə soydaşlarımızla dini-mənəvi bağlılığımızın daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Eyni zamanda, ölkəmizdə formalaşdırılan din təhsili modeli barədə məlumat verilib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov ali təhsil müəssisəsinin əsas məqsədinin dinə elmi yanaşmağı bacaran, Azərbaycan dövlətçiliyinə bağlı, müasir dünyanın reallıqlarını bilən mütəxəssislər hazırlamaq olduğunu diqqətə çatdırıb. İnstitutda dinə təkcə teoloji prizmadan deyil, həmçinin psixoloji, sosioloji, fəlsəfi və tarixi yöndən yanaşan fənlərin də tədris olunduğunu, təhsilin ödənişsiz əsaslarla həyata keçirildiyini, tələbələrin geyim, yemək və yataqxana xərcləri ilə təmin olunduğunu qeyd edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov qarşılıqlı səfər və görüşlərin önəminə toxunub. Builki Ramazan ayında Türkiyə və Gürcüstanda soydaşlarımızla birgə iftar süfrələrinin təşkil olunmasının həmrəyliyin gözəl nümunəsi olduğunu, bu kimi tədbirlərin milli və dini dəyərlərimizin qorunub saxlanılması baxımından mühüm olduğunu bildirib.

Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov İlahiyyat İnstitutu üçün baza rolunu oynamaq məqsədilə yaradılan təhsil müəssisəsinin dini təhsildə davamlılığın təmin edilməsindəki rolunu vurğulayıb.

Nümayəndə heyətinin üzvləri Azərbaycandakı dini-mənəvi harmoniyanı, dini təhsil üçün yaradılan imkanları yüksək qiymətləndirərək, gələcəkdə birgə layihələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Din xadimləri bu səfərin milli birliyin, həmrəyliyin möhkəmlənməsi üçün əhəmiyyətli olduğunu qeyd ediblər.

Daha sonra qonaqlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində tələbələr üçün yaradılan şəraitlə tanış olublar.