Agentlik bu makaronla bağlı yayılan xəbərlərə aydınlıq gətirib

AQTA "Barilla" əmtəə nişanlı "İntegrale Vollkorn Penne Rigate" tam buğda makaronu məhsulu partiyasında uyğunsuzluq aşkarlanması səbəbindən bir neçə ölkədə satışdan geri çağırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
AQTA-dan bildirilib ki, qeyd olunan məhsul partiyası ölkəmizə idxal olunmayıb:
"Həmçinin, bu əmtəə nişanına məxsus digər məhsul partiyalarının təhlükəsizlik və kefiyyət göstəriciləri ilə bağlı aparılan laborator müayinələrin nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, ölkəmizə idxal olunmuş "Barilla" əmtəə nişanlı makaronlar istehlak üçün yararlıdır".
Qeyd edək ki, yayılan xəbərdə italyan makaron markasında sağlamlıq üçün təhlükəli səviyyədə qurğuşun aşkar edildiyi, bu səbəbdən məhsulun geri çağırılması prosesinə start verildiyi bildirilib. İddia 500 qramlıq paketlərdə satılan və 1 mart 2026-cı il tarixinə qədər istifadə müddəti olan partiyalara aid edilib.