Beynəlxalq axtarışda olan şəxs Bosniya və Herseqovinada tutularaq Azərbaycana ekstradisiya edilib

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi istiqamətində səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, iyunun 12-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən daha bir nəfərin nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Belə ki, bir sıra şəxslərlə qabaqcadan əlbir olub quldurluq edərək (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi) zərərçəkmiş şəxsə məxsus 120 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə ittiham edilmiş Azərbaycan vətəndaşı Ramil Ramiz oğlu Məmmədovun yeri Bosniya və Herseqovinada müəyyən olunaraq həbs edilib.

Ədliyyə Nazirliyi tərəfindən müvafiq sorğu və tələb olunan sənədlər qarşı tərəfə təqdim edilib, habelə işçi danışıqlar aparılıb. Nəticədə həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Ramil Məmmədov nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Sarayevo şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Penitensiar xidmətin müvafiq istintaq təcridxanasına yerləşdirilib.