Polis Beyləqanda 9 narkotaciri saxladı

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 9 nəfər saxlanılıb.

Əməliyyatı Beyləqan polisi keçirib. Həyata keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil etməkdə şübhəli bilinən Elməddin Sadıqov saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 16 ədəd çətənə bitkisi və marixuana aşkarlanıb.

Bundan başqa, polis əməkdaşları tərəfindən rayon ərazisində keçirilən digər əməliyyatlar zamanı narkotiklərlə əlaqəli cinayətlərdə şübhəli bilinən daha 8 nəfər saxlanılıb. Həmin şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Qəbələdə isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 39 yaşlı Elnur Eyyubov saxlanılıb.

Onun həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən dibçəklərdə çətənə kolları aşkar edilib.

Fakla bağlı cinayət işi başlanıb, məhkəmənin qərarı ilə Elnur Eyyubov barəsində həbs qətimkan tədbiri seçilib.