Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Sentyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan müasir peşəkar musiqisinin banisi, Şərqdə ilk operanın müəllifi, görkəmli bəstəkar və alim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi və Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsindən danışaraq bildirib ki, dahi bəstəkarın əsərləri Azərbaycan musiqi mədəniyyətində yeni bir məktəbin əsasını qoyub. “Üzeyir Hacıbəyli təkcə bəstəkar yox, həm də pedaqoq, publisist, ictimai xadim idi. Onun musiqi sahəsində qoyduğu zəngin irs bu gün də gənc nəsillər üçün böyük məktəbdir. Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” əsəri bu gün də nəzəri musiqi dərsliyi kimi istifadə olunur. O, həm də Bakı Musiqi Texnikumuna, Dövlət Konservatoriyasına rəhbərlik edərək yüzlərlə istedadlı gəncin yetişməsinə şərait yaradıb”, – L.Məmmədova bildirib.

Milli Məclisin deputatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyev çıxışında Üzeyir Hacıbəylinin çoxşaxəli fəaliyyətindən, əqidəli publisist kimi həm də müstəqil dövlətçilik ideyalarının təbliğində mühüm xidmətlərindən söz açıb. O qeyd etdi ki, Üzeyir bəy Hacıbəylinin publisistik irsi milli istiqlala sədaqət, mübarizlik, cəsarət və tərəqqi inancları üzərində köklənirdi. Üzeyir bəy 1918-ci il dekabrın 7-də AXC Parlamentinin açılış mərasimində iştirak edib. O, bütün bunları “Tarixi günümüz” və “Təəssürat” məqalələrində qeyd edib. İstənilən dövlət və millət üçün milli marş ən vacib məsələlərdən biridir. “Azərbaycan Xalq Cümhuriyyətində bu məsuliyyəti Üzeyir bəy öz üzərinə götürmüşdü, Cümhuriyyətin əsas atributlarından sayılan Azərbaycan himnini bəstələmişdi.

Əhməd Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdın, Qara dəniz” mahnısı Üzeyir Hacıbəylinin Azərbaycan qədər də Türkiyədə sevildiyinin parlaq nümunəsidir”, – deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.

Tədbirdə çıxış edən respublikanın Əməkdar artisti Rəhilə Bəndəliyeva Üzeyir Hacıbəylinin yaradıcılığının zirvəsi sayılan “Koroğlu” operasının Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğində mühüm rol oynadığını qeyd edib və vurğulayıb: ““Koroğlu” operası musiqi tariximizin qürur səhifəsidir. Bu əsər dünya səhnələrində də böyük maraqla qarşılanıb”.

İstedadlı xanəndə, muğam ustası, müəllim Maya Cəbrayılova dahi bəstəkarın musiqili komediyalarının əhəmiyyətindən danışaraq bildirib: “Üzeyir bəyin “Arşın mal alan” əsəri 70-dən çox dilə tərcümə olunub, dünyanın yüzlərlə teatrında tamaşaya qoyulub. Bu, Azərbaycan mədəniyyətinin dünyaya təqdimində ən parlaq nümunələrdən biridir”.

Şair-tərcüməçi Zeynəb Cəmaləddin çıxışında Üzeyir Hacıbəylinin pedaqoji fəaliyyətindən danışaraq bildirib ki, Üzeyir Hacıbəylinin irsi bu gün də yaşayır və gənc nəsillərə ilham verir:

“Onun yazdığı mahnılar, romanslar, marşlar xalqımızın qəlbində daim yaşayacaq. Üzeyir bəyin musiqisi milli kimliyimizin ayrılmaz parçasıdır”.

Tədbirdə vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Sərəncama əsasən 18 sentyabr tarixi ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin Sərəncamı ilə Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının həyata keçirilməsi dövlətimizin milli-mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Tədbirdə iştirak edən fəal oxuculara fəxri fərmanlar təqdim edilib.

Sonda Üzeyir Hacıbəylinin yaradıcılıq yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.