“Əsrin müqaviləsi” müasir Azərbaycan tarixində taleyüklü dönüş nöqtəsi olub - Komitə sədri neftçiləri təbrik edib

Hörmətli neftçilər!
Sizi 20 Sentyabr – Neftçilər Günü, həmçinin Dövlət Suverenliyi Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Bildiyiniz kimi 1994-cü ilin 20 sentyabrında imzalanmış “Əsrin müqaviləsi” müasir Azərbaycan tarixində taleyüklü dönüş nöqtəsi olmuşdur. Bu müqavilə enerji layihəsi olmaqla yanaşı, eyni zamanda ölkəmizin müstəqilliyinin dönməzliyinin təminatı, iqtisadiyyatımızın dirçəlişi və dövlətçiliyimizin möhkəmlənməsinin başlanğıcı kimi çıxış etmişdir. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində imzalanmış həmin saziş Azərbaycanın həm iqtisadi, həm də siyasi suverenliyinin etibarlı dayağına çevrilmişdir. O dövrdə qoyulmuş təməl, bu gün tam suveren Azərbaycan dövlətinin gücünün əsas qaynaqlarından biridir. Xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər də məhz güclü dövlətçilik bünövrəsinin, iqtisadi və siyasi dayanıqlığın məntiqi nəticəsi olmuşdur. Azərbaycan öz torpaqlarını azad etmiş, dövlət suverenliyini tam şəkildə bərpa etmişdir. Bu tarixi Qələbə Ümummilli Liderin müəyyən etdiyi strateji yolun və cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyinin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir.
Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış və müstəqil siyasət Azərbaycanı yalnız regionda yox, həmçinin beynəlxalq müstəvidə də nüfuzlu aktora çevirmişdir. Bu gün ölkəmiz enerji, nəqliyyat, logistika, kommunikasiya sahələrində transmilli layihələrin təşəbbüskarı və etibarlı tərəfdaşı kimi çıxış edir. Azərbaycan həm regionun sabitliyinin və təhlükəsizliyinin təminində, həm də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Neftdən və qazdan əldə olunmuş gəlirlər düzgün idarəçilik nəticəsində xalqın sosial rifahının yüksəldilməsinə, qeyri-neft sektorunun inkişafına və müasir ordu quruculuğuna yönəldilmişdir. Bu isə Azərbaycanın həm daxildə möhkəmlənməsini, həm də beynəlxalq aləmdə söz sahibinə çevrilməsini təmin etmişdir.
Əziz neftçilər!
Sizin fədakarlığınızın qiymətləndirilməsi və onun xalqın inkişafına yönəldilməsi nəticəsində Azərbaycan bu gün ərazi bütövlüyünü bərpa etmiş, müstəqilliyini dönməz xarakter daşıyan şəkildə möhkəmləndirmiş və qalib dövlət statusunu tarixdə təsdiqləmiş qüdrətli bir ölkə kimi dəyərləndirilir. Bu, Heydər Əliyev ideyalarının təntənəsi və Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən milli siyasətin ən böyük uğuru kimi qiymətləndirilməlidir.
Sizi və bütün xalqımızı bir daha 20 Sentyabr – Neftçilər Günü və Dövlət Suverenliyi Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə sağlamlıq, uzun ömür və fəaliyyətinizdə uğurlar arzulayıram!
Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri