Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il İş Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi və tabeli qurumları üzrə dövlət vəsaitlərinin və digər dövlət əmlakının istifadə və idarə olunmasına dair uyğunluq auditi aparılıb. Audit zamanı məlum olub ki, agentlik və tabeli qurumlar tərəfindən büdcə və qeyri-büdcə vəsaiti hesabına 62,6 milyon manat xərclənib.
Bu barədə Hesablama Palatası xəbər verir.
Məlumata görə, eyni zamanda, büdcə və büdcədənkənar xərclərin düzgün proqnozlaşdırılmadığı, 2023-cü ildə ödənişlərin bir neçə halda təyinatının dəyişdirildiyi müəyyən edilib. 2023 və 2024-cü illərdə bəzi işçilərə artıq əməkhaqqı ödənilib, amma bu vəsait audit dövründə büdcəyə qaytarılıb.
Audit zamanı həmçinin Agentliyin balansındakı nasos stansiyalarına quraşdırılan avadanlıqların faktiki olaraq digər stansiyalarda olduğu, bəzi əsas vəsaitlərin yararsız vəziyyətdə olduğu və subartezian nasoslarının balansdan silindiyi, lakin sonra balansda qeyd edildiyi müəyyən edilib.
İçməli su anbarlarında və təmizləyici qurğularda sayğacların nasaz və ya ümumiyyətlə olmaması səbəbindən 1 066 288 m³ içməli suyun qeydiyyata alınmadığı aşkar edilib. Eyni zamanda, su elektrik stansiyalarına verilən suyun həcminin ölçülmədiyi və elektrik enerjisinin istehsalı üçün ödənmədiyi də müəyyən olunub.
Suvarma sistemlərində ölçü cihazlarının və nəzarət sistemlərinin olmaması, bəzi ərazilərdə tikintisi yarımçıq qalmış su təmizləyici qurğulardan istifadə edilməsi və abonentlərdən vəsait toplanması faktları da qeyd edilib. 2023 və 2024-cü illərdə suvarma suyu üzrə itkilərin rəsmi məlumatlardan daha yüksək olduğu müəyyən olunub.
Audit zamanı yararsız texnika və avadanlıqların utilizasiyası həyata keçirilib və həmin vəsait büdcəyə qaytarılıb. Bununla yanaşı, Agentlik tərəfindən iri su tutarları və hövzələr istisna olmaqla, digər meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılmadığı da aşkar edilib.
Dövlət satınalmaları ilə bağlı qanunvericiliyə bir sıra hallarda riayət edilmədiyi, müqavilələrin düzgün icra edilmədiyi, ödənilmiş vəsaitin bir hissəsinin avadanlığın çatışmazlığı səbəbindən geri qaytarıldığı müəyyən edilib.
Hesablama Palatasının Kollegiyası auditin nəticələrini nəzərə alaraq Agentlikdə nöqsanların aradan qaldırılması, artıq xərclərin vəsaitinin bərpası, texnika və avadanlıqların balansda düzgün qeydiyyatı və digər tədbirlərin görülməsi barədə qərar qəbul edib. Aşkar edilmiş məsələlərlə bağlı aidiyyəti qurumlara məlumat göndərilib.