Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Oktyabrın 3-də 5 dövlət orqanında inzibati vəzifələrin 3-4-cü təsnifatlarına uyğun olan 7 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, daxili müsahibə elan edilən vəzifələrin 1-i inzibati vəzifələrin üçüncü təsnifatına, 6-sı dördüncü təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatında şöbə müdiri vəzifəsidir.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər oktyabrın 3-dən 17-dək (saat 18:00-dək) Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.