Muxtar Babayev: İqlim riskləri və miqrasiya çağırışları gənclərin maarifləndirilməsini zəruri edir

İqlim dəyişikliyi dünyada miqrasiya proseslərini və sosial çağırışları dərinləşdirib.
Bu fikri Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ADA Universitetində təşkil olunan “İqlim keçidində ali təhsilin rolu” mövzusunda tədbirdə deyib.
Muxtar Babayev qeyd edib ki, Tehran Konvensiyası və digər beynəlxalq mexanizmlər çərçivəsində müzakirə olunan məsələlər təkcə ekoloji deyil, həm də sosial və iqtisadi ölçülərə malikdir: “Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Xəzər dənizinin sürətlə kiçildiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı bildirib ki, bu problemin əsas səbəbi təkcə iqlim dəyişikliyi deyil. Əsas səbəb Xəzərə gələn çayların, xüsusilə Volqa, Ural çaylarının sululuğunun kəskin azalmasıdır. Bu, Kür çayına da təsirsiz ötüşmür. Həmçinin digər çaylarda suyun kəskin azalması müşahidə olunur.
Aral dənizi və Urmiya gölü ətrafında yaşayan milyonlarla insan artıq məcburi köçkünə çevrilib. Bu, şəhərlərin təsərrüfatına, sosial sistemlərə və gündəlik həyata böyük təsir göstərir. Ona görə də gənclərin bu risklər barədə biliklərinin artırılması və qabaqlayıcı tədbirlərin hazırlanması vacibdir”.
Muxtar Babayev vurğulayıb ki, iqlim risklərinə qarşı mübarizədə təhsilin rolu xüsusi əhəmiyyət daşıyır: “Biz gənclərimizi bu dəyişikliklərə hazırlamalıyıq. Bu, asan proses deyil, intensiv və davamlı fəaliyyət tələb edir. Əgər gənclər riskləri düzgün qavraya və idarə edə bilsələr, gələcəkdə dayanıqlı inkişaf daha etibarlı təmin olunacaq”.
COP29-un Prezidenti, həmçinin bildirib ki, Azərbaycanın təşəbbüsü ilə yaradılan DISA platforması böyük maraq görüb və bir sıra ölkə və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib. Braziliyada keçiriləcək COP30 tədbirində də bu prosesin davam etməsi arzulanır. DISA (Data, Innovation, Sustainability, Action) platforması iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədi daşıyan və məlumat mübadiləsini, innovasiyanı və davamlı hərəkəti təşviq edən bir təşəbbüsdür: “Biz istəyirik ki, bu proses COP30-da da davam etsin və Braziliyada keçiriləcək sammitdə Bakının təcrübəsi, təşəbbüsləri və xüsusən də Xəzər dənizi ilə bağlı mövzular gündəmə gətirilsin”.
Muxtar Babayev deyib ki, Azərbaycanın üzərinə düşən əsas vəzifələrdən biri qəbul olunmuş qərarların icrasını təmin etməkdir: “Dekarbonizasiya prosesi bütün ölkələrdə gedir. Neft və qaz ehtiyatlarına malik dövlətlər bu prosesdə nisbətən daha uzunmüddətli hədəflər müəyyən etsələr də, əsas məsələ praktiki icra və ardıcıl fəaliyyətin təmin edilməsidir. Azərbaycan da bu istiqamətdə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə qətiyyətlidir”.
O, əlavə edib ki, qlobal iqlim çağırışlarının həlli yalnız beynəlxalq əməkdaşlıq və bilik mübadiləsi ilə mümkün olacaq.//Aərtac