Azərbaycanda sürüşmə sahələrinin dəqiqləşdirilməsi işləri başa çatıb - RƏSMİ

Ölkə ərazisində sürüşmə sahələrinin dəqiqləşdirilməsi, onların koordinatları və sərhədlərinin müəyyən olunması məqsədilə 2024-cü ildən başlayan ərazi çalışmaları artıq başa çatıb.

Yerveinsan.az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Geoloji Kəşfiyyat Agentliyinin rəisi Əli Əliyev bildirib.

Hazırda 146 lokal sürüşmə sahəsi bütün parametrlər üzrə dəqiqləşdirilib xəritələnərək normativ hüquqi sənədlərin hazırlanması və dövlət orqanlarında təsdiqi üçün razılaşdırılması mərhələsindədir.

 O qeyd edib ki, xəritənin hazırlanması ölkə ərazisində baş verə biləcək geoloji proseslərin operativ izlənməsi, təbii risklərin qiymətləndirilməsi və əhalinin təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

“Hazırda aparılan müşahidələrə əsasən, ölkə üzrə geoloji proseslərin dinamikasında ciddi aktivləşmə qeydə alınmayıb. Yalnız Lerik və Astara rayonlarında 2 kiçik lokal sahədə sürüşmə prosesləri qeydə alınıb və aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir”,- qurum rəsmisi əlavə edib.