Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması haqqında qərar verildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 aprel tarixli 545 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın:
1.1. Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutu;
1.2. Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında Coğrafiya İnstitutu;
1.3. Fizika İnstitutunun və Radiasiya Problemləri İnstitutunun əsasında Fizika İnstitutu;
1.4. Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əsasında Kimya İnstitutu;
1.5. İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat İnstitutu;
1.6. Botanika İnstitutunun və Dendrologiya İnstitutunun əsasında Botanika İnstitutu;
1.7. Zoologiya İnstitutunun və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əsasında Canlı Sistemlərin Tədqiqi İnstitutu;
1.8. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun əsasında Molekulyar Biologiya İnstitutu.
2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki:
2.1. Polimer Materialları İnstitutu Sumqayıt Dövlət Universitetinin tabeliyinə verilsin;
2.2. Ekologiya və Təbii Ehtiyatlar İnstitutu (Gəncə), Bioresurslar İnstitutu (Gəncə), Aqrar Problemlər İnstitutu (Gəncə) və Nəbatat Bağı (Gəncə) Gəncə Dövlət Universitetinin tabeliyinə verilsin;
2.3. Təbii Ehtiyatlar İnstitutu (Naxçıvan), Bioresurslar İnstitutu (Naxçıvan) və Batabat Astrofizika Rəsədxanası (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilsin.
3. Bu Qərarın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
3.1.1. elmi müəssisələrin yenidən təşkili və ləğv edilməsi;
3.2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə:
3.2.1. bu Qərarın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
4. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi:
4.1. bu Qərarın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin nizamnamələrini iki ay müddətində təsdiq etsin;
4.2. publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;
4.3. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 7 ” “ oktyabr ” 2025-ci il
№ 292