BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət ünvanlayıb.
Bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda ölkə ərazisində yağışlı hava şəraiti müşahidə olunur. Belə hava şəraiti hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Yağış və çiskin zamanı yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir.
BDYPİ bir daha xatırladıb ki, belə hava şəraitində hərəkət zamanı xüsusilə ehtiyatlı olmaq, sürət həddini minimuma endirmək, ara məsafəsini normadan artıq saxlamaq, avtomobilin şüşəsilən və işıq cihazlarının saz vəziyyətdə olmasına diqqət yetirmək vacibdir. “Eyni zamanda, əlverişsiz hava şəraiti piyadalar üçün də əlavə çətinliklər yaradır. Yağışlı havada yol səthinin sürüşkən olması, eləcə də sürücülərin görmə imkanlarının azalması səbəbindən piyadalar hərəkət zamanı daha diqqətli olmalı, səki ilə hərəkət etməli, yolu yalnız piyada keçidlərindən keçməli və açıq rəngli, asan görünən geyimlərə üstünlük verməlidirlər. Yolu keçərkən diqqətli olmalı, avtomobilin olmadığından və ya bütün zolaqlar üzrə nəqliyyat vasitələrinin tam dayandığından əmin olduqdan sonra yolu keçməlidirlər. Unutmayaq ki, yollarda təhlükəsizlik hər birimizin məsuliyyətidir”,- deyə müraciətdə vurğulanıb.