Xəzər dənizi sahil zolağında ov qaydalarını pozan şəxslər saxlanılıb

“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Şabran rayonunun Xəzər dənizi sahil zolağında ov qaydalarını pozan şəxslər saxlanılıb.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. Bildirilib ki, araşdırma zamanı ov qaydalarını pozan şəxslərin Türkiyə vətəndaşı Mervan Çağrı Tapınç və Bakı şəhər sakini Zahid Həsənov olduğu müəyyən edilib. Saxlanılan şəxslərin 99-FF-776 dövlət qeydiyyat nişanlı “Niva” markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş 3 şahin quşu, 1 göyərçin və 3 tələ aşkar olunub.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunaraq hər birinə 2000 manat məbləğində cərimə tətbiq edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ov fəaliyyəti ilə məşğul olan şəxsləri qaydalara ciddi əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan edilmiş alətlərlə ov etməkdən çəkinməyə çağırır.