DİN-in süni intellekt və İT sahələri üzrə elan etdiyi təqaüd proqramının qalibləri müəyyənləşib
Daxili İşlər Nazirliyinin (DİN) süni intellekt və İT sahələri üzrə elan etdiyi təqaüd proqramının qalibləri müəyyənləşib.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təqaüd proqramı böyük maraqla qarşılanıb və ilkin mərhələdə 8 mindən çox namizəd qeydiyyatdan keçirilib.
Namizədlər seçim meyarları, imtahan və müsahibə mərhələlərindən uğurla keçərək müəyyən olunublar.
Qeyd edək ki, proqram çərçivəsində DİN-in dəstəyi ilə süni intellekt, kibertəhlükəsizlik, proqramlaşdırma, məhsul sahibi (Product Owner), Linux əməliyyat sistemi, İT biznes analitikası və QA tester mühəndisliyi istiqamətləri üzrə ümumilikdə 200 nəfər üçün nəzərdə tutulmuş təqaüd proqramının qalib sayı iştirakçıların yüksək nəticələri və müsabiqəyə böyük marağın olması səbəbindən 134 nəfər artırılaraq 334 nəfərə yüksəldilib.
Təqaüd proqramı çərçivəsində təlim xərclərinin 60 faizi DİN tərəfindən ödəniləcək.
Daxili işlər orqanlarında xidmətə qəbul meyarlarına uyğun olan və təlimləri uğurla başa vuran şəxslərə nazirlikdə işə qəbul imkanı yaradılacaq.
Həmçinin DİN tərəfindən elan olunan belə təqaüd proqramlarının gələcəkdə mütəmadi davam etdirilməsi planlaşdırılır.

