Ötmə əməliyyatı yol-hərəkət qaydaları ilə icazə verilən yerlərdə həyata keçirilməlidir
Ötmə qaydalarının pozulması yollarda baş verən ağır nəticəli qəzaların əsas səbəblərindən biri olaraq qalır. Belə halların yaranmasına çox zaman yüksək sürət, riskli manevrlər və sürücülərin yol şəraitini düzgün qiymətləndirməməsi təsir göstərir. Xüsusilə əks istiqamətli hərəkət zolağına keçərək riskli ötmə aparılması ağır nəticəli yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan hallardandır. Bu cür toqquşmalarda nəqliyyat vasitələrinin sürətləri bir-birinə qarşı yönəldiyi üçün zərbə qüvvəsi kəskin artır və nəticə çox vaxt faciəvi olur.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində deyilir.
Müraciətdə bildirilir ki, ötmə əməliyyatı yalnız yol nişanları və yol-hərəkət qaydaları ilə icazə verilən yerlərdə həyata keçirilməlidir. Qarşı hərəkət zolağına çıxmazdan əvvəl təhlükəsizlik tam şəkildə qiymətləndirilməli və risk yaradan heç bir addım atılmamalıdır. Hərəkət zamanı diqqətin yalnız yola yönəlməsi, digər nəqliyyat vasitələrinin hərəkətinin düzgün qiymətləndirilməsi və məsuliyyətli qərarların qəbulu mümkün təhlükələrin qarşısını almağa imkan verir. “Unutmaq olmaz ki, sükan arxasında edilən hər səhv addım təkcə sürücünün deyil, bütün hərəkət iştirakçılarının həyatını risk altına salır. BDYPİ bir daha bütün sürücüləri diqqətli olmağa, qaydalara riayət etməyə və təhlükəsizliyin təmin olunmasına məsuliyyətlə yanaşmağa çağırır”, - deyə məlumatda vurğulanıb.

