Dövlət Komissiyası: Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı faktların sayı azalıb
Bu ilin yanvar-oktyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 212 fakt aşkar edilib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 3 ton 087 kiloqram 262,033 qram və 10 min 506 həb metadon narkotik vasitə və psixotrop maddə, 13 min 194 ədəd həb və 5,7 qram güclü təsir edən maddə çıxarılıb.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Qeyd olunub ki, ümumilikdə aşkar edilmiş cinayətlərin 251-i qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 348 kiloqram 977,374 qram nakotik vasitə, psixotrop maddə və 36 qram güclü təsir edən maddə müsadirə olunub. 2 min 254 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 1 ton 854 kiloqram 643,966 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Təhlil göstərir ki, 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1078, qanunsuz satış ilə bağlı faktların sayı 345, satış məqsədi olmadan qanunsuz əldə edilib-saxlanılması ilə əlaqədar faktların sayı 688, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 41, bu kateqoriyadan olan digər cinayət faktlarının sayı 4, qaçaqmalçılıqla bağlı faktların sayı 7, qrup halında olan cinayətlərin sayı 29 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 1560 nəfər azalıb. Bununla yanaşı, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 201 kiloqram 410,017 qram artıb.
2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin, o cümlədən heroinin çəkisi 230 kiloqram 316,277 qram, tiryəkin çəkisi 10 kiloqram 301,291 qram, psixotrop maddələrin çəkisi 57 kiloqram 476,923 qram azalıb.

