Bərdədə mal əti adı ilə at ətinin satışının qarşısı alınıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyinin Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Bərdə rayonu, Bakı küçəsində Zaur Məmməd oğlu Novruzova məxsus fərdi yaşayış sahəsində istehlaka yararsız ümumi çəkisi 154 kiloqram sümükdən ayrılmış at əti aşkarlanıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı mənşəyi məlum olmayan ətin kəsilərək sümükdən ayrıldığı və 99 CJ 158 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin saxlanc yerində antisanitar şəraitdə Natiq Vaqif oğlu Hüseynov tərəfindən mal əti adı altında satış məqsədilə Bakı şəhərinə aparıldığı müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız at əti soyuducu anbarda saxlanca yerləşdirilib, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Araşdırmalar davam etdirilir.